eBay komissiyaları 2026: satıcı haqları və mənfəət hesablaması

Bələdçi
Qısa cavab: ebay.com-da satıcı əsasən üç haqq ödəyir: satışdan sonra tutulan final value fee (əksər kateqoriyalarda ümumi satış məbləğinin 13,6%-i), sifariş başına 0,30–0,40 dollar və alıcı başqa ölkədə olduqda beynəlxalq haqq. Ayda 250 listinq pulsuzdur. Bunların üstünə Payoneer-dən pul çıxarma xərci, tədarükçü qiyməti və reklam gəlir. Mənfəəti bu xərclərin hamısını çıxdıqdan sonra hesablamaq lazımdır.
Son yenilənmə: noyabr 2026. Rəqəmlər eBay-in selling fees yardım səhifəsindən, eBay-in beynəlxalq satıcılar üçün international fees səhifəsindən və Payoneer-in qiymət səhifəsindən götürülüb. eBay haqları vaxtaşırı dəyişir, ona görə də qiymət qoymazdan əvvəl rəsmi səhifələri özünüz yoxlayın.
eBay satıcıdan hansı komissiyaları tutur?
eBay-də pulsuz listinq limitini keçməyən satıcı üçün əsas xərc satışdan sonra tutulur: final value fee və sifariş başına sabit haqq. Alıcı satıcının qeydiyyat ölkəsindən kənardadırsa, beynəlxalq haqq da əlavə olunur. Store abunəsi, reklam (Promoted Listings) və pulsuz limitdən artıq listinqlər isə seçiminizdən asılı olan xərclərdir.
| Haqq | ebay.com, əksər kateqoriyalar | Nə vaxt tutulur |
|---|---|---|
| Insertion (listinq) haqqı | Ayda 250 listinq pulsuz, sonra hər listinq 0,35 dollar | Listinq yaradanda |
| Final value fee | 7 500 dollara qədər hissədən 13,6%, artıq hissədən 2,35% | Satışdan sonra |
| Sifariş başına haqq | 10 dollar və az sifarişdə 0,30 dollar, 10 dollardan çox sifarişdə 0,40 dollar | Hər sifarişdə |
| Beynəlxalq haqq | Satıcının qeydiyyat ölkəsinə/regionuna görə (aşağıda) | Alıcı və ya çatdırılma ünvanı başqa ölkədə olduqda |
| Below Standard əlavəsi | Final value fee-yə əlavə 6% (dörd ay və daha çox ardıcıl olduqda 7%) | Satıcı səviyyəsi aşağı düşəndə |
Mənbə: eBay: Selling fees. Bəzi kateqoriyalarda (məsələn, bahalı saatlar, kolleksiya əşyaları) faizlər fərqlidir, ona görə öz kateqoriyanızı həmin səhifədəki cədvəldə tapın.
Final value fee necə hesablanır?
Final value fee məhsulun yalnız qiymətindən yox, ümumi satış məbləğindən hesablanır. Bura məhsulun qiyməti, alıcının ödədiyi çatdırılma haqqı və ABŞ-da eBay-in alıcıdan topladığı satış vergisi (sales tax) daxildir. Əksər kateqoriyalarda bu məbləğin 13,6%-i tutulur, üstünə sifariş başına 0,30 və ya 0,40 dollar əlavə olunur.
Sadə düstur belədir:
- Final value fee = ümumi satış məbləği × 13,6% + sifariş başına haqq
- Ümumi satış məbləği = məhsulun qiyməti + çatdırılma + satış vergisi
Satış vergisi alıcıdan toplanıb vergi orqanına ötürülür, yəni sizin gəliriniz deyil. Amma final value fee onun üzərindən də hesablanır. Qiymət qoyarkən ən çox unudulan məqam budur. Satıcı göstəriciləri "Below Standard" səviyyəsinə düşsə, növbəti ay final value fee-yə əlavə 6% tətbiq olunur, ona görə də performans birbaşa xərcə təsir edir. Bu barədə ətraflı: eBay hesabı niyə bağlanır və limitlər necə artırılır.
Beynəlxalq satış (international) haqqı nədir?
Beynəlxalq haqq alıcının qeydiyyat ünvanı və ya çatdırılma ünvanı sizin qeydiyyat ölkənizdən fərqli olduqda tutulur. Azərbaycandan ABŞ alıcısına satanda bu, demək olar ki, hər sifarişə aiddir. Faiz satıcının qeydiyyat ölkəsindən və ya regionundan asılıdır və ümumi satış məbləğindən hesablanır.
| Satıcının qeydiyyat regionu (eBay cədvəlindən seçmə) | Beynəlxalq haqq |
|---|---|
| Europe Unsited (AB-dən kənar Avropa) | 1,30% |
| Rest of World (dünyanın qalan hissəsi) | 1,55% |
| Hindistan | 1,70% |
| Yaponiya | 1,35% |
Mənbə: eBay for Business: International fees. Həmin səhifədəki "Europe" qeydində Azərbaycan da sadalanır, amma səhifə Azərbaycan satıcısı üçün hansı faizin tətbiq olunduğunu ayrıca yazmır. Ona görə də dəqiq faizi ilk satışdan sonra Seller Hub-da Payments bölməsindəki əməliyyat hesabatında yoxlayın. Aşağıdakı nümunədə ehtiyat üçün daha yüksək olan 1,55%-i götürmüşük.
Eyni səhifəyə görə, listinq valyutası ilə ödəniş valyutası fərqli olduqda eBay valyuta çevirmə zamanı məzənnəyə əlavə faiz də qoyur (eBay-in qlobal ölkələrinin əksəriyyəti üçün 3,0%). ebay.com-da dollarla satıb ödənişi Payoneer-ə dollarla alanda bu çevirmə adətən baş vermir.
Insertion fee və pulsuz listinq limiti necə işləyir?
Store abunəsi olmayan satıcı ayda 250 listinqi insertion fee ödəmədən yerləşdirə bilər. Limit keçildikdən sonra hər yeni listinq üçün 0,35 dollar tutulur. Bu haqq məhsul satılmasa da geri qaytarılmır. Başlanğıcda 250 listinq əksər satıcılara kifayət edir.
Diqqət: pulsuz listinq limiti ilə satış limiti (selling limit) fərqli şeylərdir. Yeni hesabın ayda neçə məhsul və hansı məbləğdə listinq edə biləcəyini eBay ayrıca müəyyən edir. Pulsuz listinq sayı bu limiti artırmır. Satış limitləri barədə eBay satıcı hesabı bələdçimizdə və limitlər və hesab bağlanması yazısında ətraflı danışırıq.
eBay Store abunəliyi nə vaxt sərfəlidir?
Store abunəsi aylıq listinq sayınız 250-ni xeyli keçəndə sərfəli olur. Basic Store ayda 1 000 pulsuz sabit qiymətli listinq verir və aylıq ödənişdə 27,95 dollardır. Mağazası olan satıcılar bəzi kateqoriyalarda daha aşağı final value fee də ödəyir. Başlanğıcda, listinq sayı azdırsa, abunəyə ehtiyac yoxdur.
| Store | Aylıq ödənişdə | İllik ödənişdə (aylıq) | Pulsuz sabit qiymətli listinq (bütün kateqoriyalar) | Limitdən sonra listinq |
|---|---|---|---|---|
| Starter | 7,95 dollar | 4,95 dollar | 250 | 0,30 dollar |
| Basic | 27,95 dollar | 21,95 dollar | 1 000 | 0,25 dollar |
| Premium | 74,95 dollar | 59,95 dollar | 10 000 | 0,10 dollar |
| Anchor | 349,95 dollar | 299,95 dollar | 25 000 | 0,05 dollar |
Mənbə: eBay for Business: Store subscriptions and fees. Sadə hesab: Store olmadan 250-dən sonrakı hər listinq 0,35 dollardır. 80 əlavə listinq 28 dollar edir, bu da Basic Store-un aylıq qiymətinə bərabərdir. Deməli, ayda təxminən 330 listinqdən çox yerləşdirirsinizsə, Basic Store yalnız insertion fee hesabına özünü ödəməyə başlayır. Final value fee endirimini də nəzərə alsanız, nəticə daha da yaxşı ola bilər.
Payoneer-ə ödəniş və valyuta çevirmə nəyə başa gəlir?
eBay haqları ödənişdən əvvəl gəlirdən çıxılır və qalan məbləğ Payoneer hesabına ABŞ dolları ilə köçürülür. Payoneer-də isə əsas xərc pulu bank hesabına çıxaranda yaranır: başqa valyutaya və ya yerli valyutada çıxarışda 1,2%–4%, eyni ölkədə eyni valyutada (dollardan dollara) çıxarışda 1,50 dollar. Dəqiq faiz kabinetinizdəki Fees bölməsində görünür.
| Payoneer əməliyyatı | Standart haqq |
|---|---|
| Marketpleysdən ödəniş almaq | Marketpleysdən asılıdır |
| Bank hesabına çıxarış, valyuta çevirməklə və ya yerli valyutada | 1,2%–4% (bəzi ölkələrdə minimum 20 dollara qədər) |
| Eyni ölkə, eyni valyuta (USD → USD) | 1,50 dollar |
| Payoneer balansları arasında çevirmə | 0,5% |
| İllik hesab haqqı | 29,95 dollar, yalnız 12 ay ərzində 6 000 dollardan az daxilolma olduqda |
Mənbə: Payoneer Pricing (səhifə 1 yanvar 2026-da yenilənib). Payoneer bu rəqəmlərin standart təxmin olduğunu və region və hesab növünə görə fərqlənə bildiyini yazır. eBay ödənişi alıcının ödənişi təsdiqlənəndən sonra 2 iş günü ərzində əlçatan edir. Ödəniş qrafikini gündəlik, həftəlik, iki həftədən bir və ya aylıq seçmək olar (eBay: idarə olunan ödənişlər). Azərbaycanda Payoneer və digər ödəniş xidmətlərinin vəziyyətini ayrıca yazıda müqayisə etmişik.
Bir məhsulun mənfəəti nümunə ilə necə hesablanır?
Mənfəət = eBay-in sizə köçürdüyü məbləğ − tədarükçü qiyməti (çatdırılma daxil) − Payoneer çıxarış haqqı − reklam və digər xərclər. Aşağıdakı nümunədə məhsul qiyməti, vergi və tədarük qiyməti şərtidir və yalnız hesablamanın necə aparıldığını göstərmək üçündür. Faizlər isə yuxarıdakı rəsmi cədvəllərdəndir.
| Sətir | Hesab | Məbləğ (USD) |
|---|---|---|
| Məhsulun satış qiyməti (pulsuz çatdırılma ilə) | şərti | 40,00 |
| Alıcıdan toplanan satış vergisi | şərti, 8% | 3,20 |
| Ümumi satış məbləği | 40,00 + 3,20 | 43,20 |
| Final value fee | 43,20 × 13,6% | −5,88 |
| Sifariş başına haqq | sifariş 10 dollardan çoxdur | −0,40 |
| Beynəlxalq haqq | 43,20 × 1,55% (ehtiyat fərziyyəsi) | −0,67 |
| eBay-in köçürdüyü məbləğ | 40,00 − 5,88 − 0,40 − 0,67 (vergi ötürülür) | 33,05 |
| Tədarükçü qiyməti, çatdırılma daxil | şərti | −22,00 |
| Payoneer-dən bank hesabına çıxarış | 33,05 × 2% (1,2–4% aralığından şərti) | −0,66 |
| Xalis mənfəət | 10,39 | |
| Satış qiymətinə görə marja | 10,39 / 40,00 | ≈ 26% |
Eyni məhsulda Promoted Listings reklamı istifadə etsəniz, seçdiyiniz reklam faizi də bu mənfəətdən çıxılacaq. Hesab "Below Standard" səviyyəsinə düşsə, final value fee 6% artır: nümunədə bu, təxminən 0,35 dollar əlavə xərc deməkdir. Öz rəqəmlərinizi tez yoxlamaq üçün e-ticarət mənfəət kalkulyatorumuzdan istifadə edin: satış qiymətini, tədarük qiymətini və haqq faizlərini daxil edib marjanı görəcəksiniz.
Minimum qiyməti necə tapmaq olar? Təxmini düstur: minimum qiymət ≈ (tədarükçü qiyməti + sifariş başına haqq + istədiyiniz mənfəət) / (1 − final value fee faizi − beynəlxalq haqq faizi − Payoneer faizi). Nümunədəki xərclərlə sıfır mənfəət nöqtəsi təxminən 27 dollardır: 22,40 / (1 − 0,136 − 0,0155 − 0,02) ≈ 27,04. Satış vergisi bu sadə düstura daxil deyil, ona görə real nəticə bir az aşağı ola bilər.
Dropshippingdə marjanı azaldan gizli xərclər hansılardır?
Haqlar cədvəlində görünməyən xərclər çox vaxt mənfəətin əhəmiyyətli hissəsini aparır. Ən çox rast gəlinənlər qaytarmalar, tədarükçünün qiymət dəyişməsi, kartla ödəniş zamanı valyuta fərqi, alət abunələri və reklamdır. Bunları ən azı aylıq büdcədə ayrıca sətir kimi saxlayın.
- Qaytarmalar və ləğvlər. Alıcı məhsulu qaytaranda çatdırılma xərci və bəzən məhsulun özü itirilir. Hər məhsulda qaytarma üçün ehtiyat faiz saxlayın.
- Tədarükçü qiyməti dəyişir. Tədarükçü qiyməti qaldırdıqda listinqdəki qiymət köhnə qalırsa, satış zərərlə bağlana bilər. Stok və qiymət sinxronizasiyasını mütəmadi yoxlayın.
- Kartla ödəniş və valyuta. Tədarükçüyə yerli kartla ödəyəndə bank konvertasiya faizi tutula bilər. Payoneer kartı ilə valyuta çevirməklə alışda Payoneer 3,5%-ə qədər haqq göstərir.
- Alət abunələri. Məhsul araşdırması və listinq alətləri aylıq ödənişlidir. Satış azdırsa, bu xərc mənfəətin böyük hissəsini apara bilər.
- Reklam. Promoted Listings könüllüdür, amma istifadə etsəniz, faizini marjaya daxil edin.
- Zəif performans. Gecikmiş göndərişlər və problemli sifarişlər satıcı səviyyəsini aşağı salır, bu da final value fee-ni artırır.
Marjası aşağı olan məhsuldan qaçmağın ən yaxşı yolu satışdan əvvəl düzgün araşdırmadır. Bu barədə: eBay və Shopify üçün məhsul araşdırması. Dropshipping modelinin özü və eBay-in icazə verdiyi şərtlər isə eBay dropshipping bələdçimizdə izah olunur.
Dəqiq haqları harada yoxlamaq olar?
Haqlar kateqoriyaya, hesab növünə və qeydiyyat ölkəsinə görə fərqlənir, ona görə də yekun mənbə həmişə eBay-in öz səhifələri və Seller Hub-dır. Listinq yaradanda eBay təxmini haqqı göstərir, satışdan sonra isə faktiki tutulan haqq əməliyyat hesabatında görünür.
- eBay: Selling fees: kateqoriyalar üzrə final value fee və insertion fee cədvəli.
- eBay for Business: International fees: qeydiyyat ölkəsinə görə beynəlxalq haqq və valyuta çevirmə faizi.
- eBay for Business: Store subscriptions: Store səviyyələri və pulsuz listinq sayı.
- Seller Hub → Payments → Reports: hər sifarişdə real tutulan haqlar.
- Payoneer Pricing və Payoneer kabinetindəki Fees bölməsi: çıxarış və çevirmə haqları.
Hesab açmaqdan ilk satışa qədər bütün addımları ardıcıl görmək istəyirsinizsə, eBay Dropshipping kursumuzda haqların hesablanması da praktik nümunələrlə göstərilir. Kursun məzmunu və formatı barədə ümumi məlumat eBay kursu səhifəsindədir.
Qeyd: bu məqalə maliyyə məsləhəti deyil. eBay və Payoneer haqları dəyişə bilər, qiymət qoymazdan əvvəl rəsmi səhifələri yoxlayın.
Tez-tez verilən suallar
eBay satışdan neçə faiz komissiya tutur?
ebay.com-da əksər kateqoriyalarda final value fee ümumi satış məbləğinin 13,6%-idir (7 500 dollardan artıq hissəyə 2,35%), üstünə sifariş başına 0,30 və ya 0,40 dollar əlavə olunur. Xaricdəki alıcıya satanda beynəlxalq haqq da tutulur. Dəqiq faizi eBay-in Selling fees səhifəsində kateqoriyanıza görə yoxlayın.
eBay-də listinq yerləşdirmək pulludurmu?
Store abunəsi olmayan satıcı ayda 250 listinqi pulsuz yerləşdirir. Bundan sonra hər listinq üçün 0,35 dollar insertion fee tutulur və məhsul satılmasa da geri qaytarılmır. Store abunəsi pulsuz listinq sayını artırır, amma satış limitini artırmır.
Azərbaycandan satanda beynəlxalq haqq nə qədərdir?
eBay-in international fees səhifəsində faiz satıcının qeydiyyat regionuna görə verilir: məsələn, Europe Unsited üçün 1,30%, Rest of World üçün 1,55%. Azərbaycan üçün dəqiq faiz ayrıca yazılmayıb, ona görə də ilk satışdan sonra Seller Hub-dakı əməliyyat hesabatında yoxlayın.
Final value fee satış vergisindən də tutulurmu?
Bəli. Final value fee ümumi satış məbləğindən hesablanır, bura məhsulun qiyməti, çatdırılma və eBay-in ABŞ alıcısından topladığı satış vergisi daxildir. Vergi sizin gəliriniz olmasa da, haqq onun üzərindən də tutulur. Qiymət qoyarkən bunu nəzərə alın.
eBay-dən gələn pulu Payoneer-dən çıxarmaq nəyə başa gəlir?
Payoneer-in qiymət səhifəsinə görə valyuta çevirməklə və ya yerli valyutada bank hesabına çıxarış 1,2%–4%, eyni ölkədə dollardan dollara çıxarış 1,50 dollardır. 12 ayda 6 000 dollardan az daxilolma olarsa, illik 29,95 dollar hesab haqqı tutulur. Dəqiq haqq kabinetdəki Fees bölməsində görünür.
eBay mənfəətini harada hesablaya bilərəm?
Satış qiymətindən final value fee, sifariş haqqı, beynəlxalq haqq, tədarükçü qiyməti və Payoneer xərcini çıxın. Bunu tez etmək üçün DevCommerce-in e-ticarət mənfəət kalkulyatorundan istifadə edə bilərsiniz. Faktiki tutulan haqları isə satışdan sonra Seller Hub-da Payments hesabatında görəcəksiniz.
Haqları bilmək yarı işdir
Qiyməti düzgün qoymaq üçün haqlarla yanaşı məhsul seçimi, tədarükçü və satıcı göstəriciləri də lazımdır. Bütün bu addımlar eBay Dropshipping kursunda 33 video dərsdə ardıcıl göstərilir. Kurs haqqında ətraflı: eBay kursu. Rəqəmlərinizi isə mənfəət kalkulyatorunda yoxlaya və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Digər Bloqlar

eBay dropshipping nədir və necə başlamaq olar? (2026)
eBay dropshipping necə işləyir, eBay hansı hallarda icazə verir, tədarükçü seçimi, xərclər, qiymət hesabı və Azərbaycandan başlamaq üçün addımlar.

eBay və Shopify üçün məhsul araşdırması: qazanan məhsulu necə tapmaq olar? (2026)
eBay və Shopify üçün məhsul araşdırması: Terapeak (Product research), satılmış listinqlər, Google Trends, marja və rəqabət meyarları, riskli məhsullar və tədarükçü yoxlaması.

Azərbaycandan eBay satıcı hesabı necə açılır? (2026 bələdçi)
Azərbaycandan eBay-də satış: şəxsi və biznes hesabı, Payoneer ilə ödəniş, satış limitləri, haqlar, eBay mağazası açmaq və hesabın bağlanma səbəbləri.